senetaz

Həsən Əliyev 80 D

18 May 2017 212

Zaman yudu, yoğurdu, sərdi, qurutdu məni - Fikrət Qoca

Zaman yudu, yoğurdu, sərdi, qurutdu məni - Fikrət Qoca

87162_o42vvyrntk

Özümə bir ağız ağı

Zaman yudu, yoğurdu, sərdi, qurutdu məni. Tufan aldı, sovurdu, ellərə atdı məni. İnsan baxdı sorğudu, qəlbində tutdu məni. Torpaq çeynədi, yordu, əritdi, uddu məni. Mənim anam ölməsin, nələr çəkdim dünyadan... Xalqım mənim anamdı, hər an ovutdu məni. 29.04.2017

Vaxt keçir

Tufan olub burulma, Külək olub əsmə, bala. Hövsələn olsun, Səbr elə Tələsmə, bala. Ürəyimizin içində vaxt keçir, çırpına-çırpına, çiliklənib sına-sına, saniyə-saniyə, Anları saya-saya... Bunu görə-görə, bilə-bilə, Deyirik tələsmə səbr elə. Bax tək səbir də gəldi. Yolumuzda bu da bir əngəldi. Allahın minbir adından biri səbrdi. Hara tələsirsən Hər ömür yolunun sonunda qəbirdi, Doğrudur bəzi pirdi, Amma o da əslində qəbirdi. Bu hamının yaxşı bildiyi, unutmaq istədiyi bir sirdi. Öz vicdanı qarşısında Hər kəs bir az müqəssirdi. Bir birimizə səbr elə deyirik, Sonra başımıza, dizimizə döyürük. Səbr elə deyirik Ürəyimizin içində vaxt keçir saniyə-saniyə. Ötən anları sanıya-sanıya Bizi qınıya-qınıya. Yaramız qanıya-qanıya. Saniyələr dəqiqədi, Dəqiqələr saatdı, Saatlar ömürdü, həyatdı, Tələs! Tələs! Sənin yerinə Kim yaşayacaq, yaradacaq bəs! Tələs! Tələs! Tələs! 12.05.2017 Yaşamaq

Yaşamaq özəldir, Elimdi, təcrübədi, eşqdi, Yaxşı gündə də, ağır gündə də Gözəldir, gözəldir, yaşamaq. Uşaqlıqdı, gənclikdi, atalıqdı, Ağsaqqallıqdı, müdriklikdi, bilikdi. İntihar, qorxaqlıqdı, fərarilikdi. 12.05.2017