Senet.az Xalq şairi Zəlimxan Yaqubun “XAN” nəşriyyatında işıq üzü görmüş “Qürbət düşüncələri” kitabından şeirləri təqdim edir. Bildirək ki, kitabda şairin Almaniyada müalicə aldığı vaxtlarda yazdığı şeirlər toplanılıb.
TORPAQ YANĞISI
Çıxışlarının birində Rauf Denktaş dedi: “Bir gün Yasir Ərəfat mənə söylədi ki, Rauf bəy, sən məndən xoşbəxtsən. Sənin Türkiyən var, mənim də bir Türkiyəm olsaydı, mən bu acıları çəkməzdim. Sənin basdırılmağa torpağın var, mənim basdırılacaq yerim də yoxdu. Bizim şəhid qəbiristanlıqlarımızı İsrail şumlayıb, izini itirib. Sizin şəhidlərinizin məzarı başında Türk əsgəri durur. Ərəfat deyən oldu. Onu arzuladığı müqəddəs yerə — Qüdsə dəfn olunmağa qoymadılar”. “Sözü at yiyəsinə, özü götürəcək” deyiblər. Bu fikir məni göyüm-göyüm göynətdi. Doğulduğu torpaqda ölmək xoşbəxtliyi taleyinə yazılmayan Qarabağsız qarabağlıları, elini itirmiş eloğlularımı göz yaşları içində xatırladım. “Söylə dərdin bilənlərə, Dərd başına gələnlərə”
I
Bircə gün üzünə gülmədi həyat,
Əlli il döyüşdü Yasir Ərəfat.
Yollar yeriməkdən yol qabar oldu,
“Azadlıq!” deməkdən dil qabar oldu.
Yorulmaq bilmədi “Vətən!” deməkdən,
“Hanı insaf?” dedi, “hanı din?” dedi.
Səsi yetişmədi kar qulaqlara,
“Fələstin!” söylədi, “Fələstin!” dedi.
Dil açıb dinəndə dili titrədi,
Əlini tərpətdi, əli titrədi,
Düşdü qapı-qapı qürbət ellərə,
Üzündə həsrətin yeli titrədi.
Onu qoymadılar dövlət olmağa,
Qaldı gözlərində bayraq yanğısı.
II
Arxalı köpəklər səs-səsə verdi,
Cumdu irəliyə qurd basa-basa.
Günbəgün çoxaldı xarabalıqlar,
Yurdumu aldılar yurd basa-basa.
Budur yağıların fikri, niyyəti,
Budur düşmənlərin mədəniyyəti.
Haqqını deməyə haqqın çatmasın,
Ağzın qıfıllansın, mumlansın gərək.
Şəhid məzarından əsər qalmasın,
Kotanlar ağzında şumlansın gərək.
Nə böyük dəhşətdi, nə böyük ağrı,
Gözün görə-görə torpağın gedə.
Səni basdırmağa torpaq olmaya,
Ağacın quruya, suyun kəsilə,
Üstündə kölgəlik budaq olmaya.
Nahaqqın əlində oyuncaq olub
Haqqına can atan bu haqq yanğısı.
Bu gün yer üzündə bircə yanğı var,
Torpaq yanğısıdı, torpaq yanğısı.
Torpağın yoxdursa, əl üz həyatdan,
Doğulma, böyümə, yaşama, ölmə!
Dünyadan getməyə yerin yoxdusa,
Başını ağrıdıb dünyaya gəlmə.
Gəldinsə qurtardı, axırın itdi,
Yağış yağmayacaq, nur yağmayacaq,
Hər gün daş yağacaq daşının üstə,
Qarğa qarıldayıb, bayquş ötəcək,
Yarasa gəzəcək başının üstə.
Ağırdı zamanın, vaxtın şərtləri,
Bilirəm, bilirəm mən bu dərdləri.
Çoxdan tanıyıram bu alçaqları,
Çoxdan tanıyıram bu namərdləri.
Torpaq itirənin biri də mənəm,
Yandırır əlimi varaq yanğısı,
Bu gün mən özüm də başdan-ayağa
Torpaq yanğısıyam, torpaq yanğısı.
Ölən dünya kimə gərək
Ölən dünya kimə gərək,
əzizim,
İnsaf ölü, iman ölü,
din ölü.
Yarımçıqlar ağır
yükdü varlığa,
Ürək qırıq, səs
yarımçıq, ün ölü.
Güllərini yellər
yolan xəstənin,
Ətri gedib, rəngi
solan xəstənin,
Kövrəldikcə gözü
dolan xəstənin
Gözlərində Ay pərişan,
gün ölü.
Düz halalla,
doğru haqla gözəldi,
Dünya ruhla,
kef-damaqla gözəldi.
Həyat ancaq yaşamaqla
gözəldi,
Bir dirini əvəz etməz
min ölü.
Sevgi dili
Gözəl bir həkim gəlib,
Danışır asta-asta
mənim xəstəliyimdən.
Dilmanc yoxdu yanımda,
çətinlik çəkirəm mən.
Nə o danışa bilir
Azərbaycan dilində,
Nə mən danışa billəm,
təmiz alman dilində.
Ancaq bir-birimizi
gözəl başa düşürük
ruh ilə can dilində.
Dilə ehtiyac olmur
Baxışlar danışanda
Əsl sevgi dilində,
əsl insan dilində!
Düş bir gün qürbətə
Nə dağ var, nə duman var,
Gözümdəki çən nədir?!
Mən ki, qocalmamışam,
Saçımdakı dən nədir?!
Nə görmüşdüm, nə görüm,
Qəm çörəkdi, ye görüm.
Dərddən uca de görüm,
Bu dağlara tən nədir?!
Hicran dönür hicrətə,
Qəm dönür fəlakətə.
Düş bircə gün qürbətə,
Bilərsən vətən nədir!
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür