Hörmətli millət vəkilləri!
Bir-iki gündür, xəbər gəzir ki, ictimai yerlərdə siqaret çəkməyi qadağan edən qanun layihəsinin müzakirəsinə hazırlıq görürsünüz. Gedişatdan belə anlaşılır ki, bir dəfə əl qaldırmaqla, bir düymə basmaqla hansısa rahat, münasib məkanda bir stəkan pürrəngi çayın, yaxud ləzzətli bir təamın üstündən bir siqaret yandırıb çəkmək, yüngülləşmək, sakitləşmək imkanını əlimizdən almaq istəyirsiniz. Amma əslində, bilirəm ki, aranızda bir çoxu Onunla uzun illərdən bəri dostluq edir, hətta bəziləriniz az qala hər gün təkcə parlament binasında yox, hava alanında, dəbdəbəli iclas salonlarında, digər ictimai yerlərdə O dostunuzla baş-başa qalmaqdan ötrü münasib guşə axtarsanız və əminəm ki, bu qanunun qəbulu heç də hamınızın ürəyincə deyil...
Dünyadakı bütün qanunlar yalnız soyuq, bumbuz ağlın gücü ilə qəbul edilməyib. Ruhun, qəlbin, hətta poetik ovqatın təsiri ilə verilən çox vacib qanunlar da az olmayıb. Bu həqiqətə inandığıma görə, siqaretlə bağlı müxtəlif illərdə yazdığım iki şerimi diqqətinizə çatdırır və ümid edirəm ki, müzakirə zamanı bu şeirlərin poetik dumanını BİR DƏRİN QULLAB KİMİ sinənizə çəkib, sonra qərar verəcəksiniz.
Xilaskarım
Bu şeir 2011-ci il oktyabrın 5-də Ankarada «Riksos» otelində, gecəyarısı, Yəsəvi Universitetinin bloknotuna yazılıb. Bu şeirin ünvanının, həqiqətən, siqaret olduğuna indinin özündə də əmin deyiləm. Amma siqaret bu və bundan sonrakı – artıq sayını da dəqiq bilmədiyim – şeirlərin yazılmasında mənə sadiq yoldaş olduğuna görə «Xilaskarım»ın ünvanını dəyişmədim.
Sən – dərdin qənimi! Sən – qüssənin cəlladı! Sən – ağrıların keyidicisi! Sən gerçək – yalan, artan, çoxalan, yüzə, minə vurulan bəd xəbərlərin qovucusu! Valerianım! Korvalolum! Validolum!
Sən – ən kədərli anımın sirdaşı, ən kefli halımın yoldaşı! Sən olmasaydın, canıma mikrobtək düşən, qanıma işləyən bu fəlakət virusları, bu ölüm epidemiyaları, bu bəd xəbərlər çoxdan yayılmışdı beynimin hər küncünə, ürəyimin içinə! Sən saxladın onu damarlarımın divarlarında, beynimin qapaqlarında! Qoymadın yayılmağa! Boğazımdakı qəhərdən qalxıb beynimdə insulta, ürəyimdə infarkta keçməyə qoymadın!
Sən, ən böyük rahatlığım! Ona görə yeyirəm ki, dadına dad artıracaq! İçirəm ki, səni şirinləşdirəcək! Ən uzun öpüşlərim sənnəndir! Dırnaqlarım dayanmır, sığallayır tellərinin ucunu... Sənə görə yeriyir, sənə görə gəzirəm!
Səhər tezdən yanındayam – bir qurtum su ilə, bir qaşıq balla! Axşam səninlə bağlanır göz qapaqlarım! Xilaskarım!
Kimdi səni anlayan – barmaqla sayılan azlar! Çörəyi dizinin üstə olan ətəyindən tutub qalxan sonra səni söyən, tapdalayan dayazlar, anlamazlar! Amma ən çətin anlarında barmaqlarını aralayıb – birin ver – deyərlər!
Üstünə yüyürür bəşər! Səni göydələnlərdən çıxarıb bomj kimi qapı ağzına atırlar, təyyarələrdən, otellərdən qaçaq salırlar! Səni hava limanlarında bir küncə sıxdılar, Səni qatarlarda ən kirli vaqonlarda qapatdılar! Dözdün, dayandın! Sakit baxdın!
Üstünə yüyürdü Qanunlar, yasalar! Orda onun, burda bunun bəyanatı! Birinin gur, birinin yumşaq səsi. Bizdə də Qənirə xanımın qanun layihəsi! Qapalı alanlar! «No smokinq»lər, «Ne kurit»lər, «içiləməz»lər, «çəkmək olmaz»lar!
Sən olmasaydın, bəşər uşaqlıq çağında qalmışdı hələ! Sənsən dünyanın ən böyük kəşfi, ən böyük kəşflərin cığır açanı! Ən gözəl musiqinin, ən ilahi sözün qanad verəni! Yarım gün ayrı düşəndə səndən gizildəyir damarlarım, çığırışır hüceyrələrim! Sakitliyim, rahatlığım, süstlüyüm! həm də Coşqum, üsyanımsan!
Hava limanlarında ziyarətə gələntək sıxışdırıldığın balaca otağa tələsir 3–5 saat sənsiz qalan insanların ağı-qarası, qocası-cavanı... Sənsən susduran acı söhbəti, durduran qəliz davanı
Dünən on adama ağız açdım qapısında «içiləməz» yazılan odamda sənə bir tabaq tapılanacan! İncimə, küsmə! Bu şeirdi mənim sənə təşəkkürüm, sədaqətim! Tütünüm! Nikotinim! Tüstüm! Siqaretim!
Siqareti tərgitmək
Siqareti tərgitmək, atmaq, buraxmaq, tullamaq – adına nə deyirsiz-deyin, bu işi görmək istəyirəm! Bilirəm ki, gizlətməklə, uzaq durmaqla alınmayacaq! Qoxusunu duyan kimi darıxacam, tüstüsünü görən kimi karıxacam! Ən rahatı elə gözümün önündə ola-ola tərgitməkdi! Təptəzə, dopdolu qutusu qarşımda, alışqanı üstündə! İstəsəm yandırıb birini sümürərəm, ürəkdolusu bir qullab da vuraram, ya da birinin oduna o birini yandıraram... Amma uzaq durmuşam – yandırmıram, çəkmirəm, istəmirəm! Bax belə, gözüm baxa-baxa atıram səni! Bir də ətrin məni çəkməz, dadın məni ovsunlamaz! Bir də tilsiminə düşmərəm, bir də öyrədə bilməzsən o bomboz dumana, o cansız tüstüyə məni. Bu ciyər, bu barmaqlar, bu dodaqlar bir də çətin, çətin istəyə səni.
***
Yox, deyəsən, boşunadı bu əmək – Çətin işdi Səni atmaq, Müşkül işdi Səni tərgitmək!
Mənbə: 525.az
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür