Senet.az “XAN” nəşriyyatında çapdan çıxmış Əməkdar artist Vidadi Həsənovun “Qum dənələri” adlı şeirlər kitabından seçmələri təqdim edir.
… Hamının
çəkdiyi yükü
daşıya bilərsən –
bu hələ
yük daşımaq deyil…
… Adamlar arasında
hamı kimi
yaşaya bilərsən –
bu hələ
adam kimi yaşamaq deyil…
* * *
… Ay işığının
kədərinə
uzanan bir cüt əl,
heyva sarısı
rəngində
bir kəlmə söz-
indi gəl
və bunu çöz…
* * *
… Uşaqlar
kök,
gombul,
şar kimi şişman –
ağır,
ağır…
… Qadınlar
ətli,
piyli,
soyuducu kimi dolu –
ağır,
ağır…
… Kişilər
acgöz,
tamahkar,
siçovullar kimi dombaqarın –
ağır,
ağır…
… Bu şəhər
bir gün
batacaq,
batacaq –
ağır-ağır,
ağır-ağır…
* * *
… Tənha ağaclara,
kimsəsiz itlərə,
bu şəhərə, bu küçəyə,
bu evə –
yazığım gəlir…
… Kədərli payız gecəsi,
kədərli yağışlar yağanda,
kədərli lampa işığında
Dostoyevskini oxuyuram –
Turgenyevə yazığım gəlir…
* * *
… “Artist döngəsi”ndəki
ucuzvari kafedə
qırmızı çaxır içirəm
divardakı kölgəmlə –
pəncərədən baxan bulud
üçüncü olarsanmı,
gəl qoşul bizə
doldur tuluğunu…
… Sərxoş olan kimi
göylərə qalxıb
kəmşirin yağışlar yağdır
bu şəhərin üstünə –
onsuz da nə yağışdan,
nə günahdan qorxan var
əyyaş yuxusuna bənzəyən
bu əhli-kef şəhərdə…
… Sən yurdsuz-yuvasız
sərsəri bulud,
mən ruhsuz-bədənsiz
qeybanə sərxoş –
gəl içək,
içək bu son badəni,
sonra dəli külək olub
keçək bu şəhərin üstündən…
* * *
… Dilim
başımın bəlasıdı –
ağzıma nə gəldi
danışdı,
dişimin dibindən nə çıxdı
dedi…
… Dilim
başımın bəlasıdı –
ağzımın içində
bəslədim-böyütdüm,
axırda qayıdıb öz başımı
yedi…
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür