Senet.az oxucularına “Ustad” jurnalının “Yazıçının arxivindən” rubrikasından Bahar Bərdəlinin "Təğyiri - libasda" adlı hekayəsini təqdim edir.
(hekayə)
Rayon Daxili İşlər şöbəsinin rəisi Alməmmədov kabinetə girən kimi əlüstü küncə qoyulmuş rəngli televizorun düyməsini basdı. Sonra yerinə keçib kresloya yayxandı. Sağ tərəfində, xüsusi dolabçanın üstünə düzülmüş ağ, qırmızı, qara telefonları bir-bir yoxladı, işlədiklərinə əmin olduqdan sonra arxayınca televiziyaya baxmağa başladı. Ekranda “İnsan və qanun” verilişi gedirdi. Hansı rayondasa baş vermiş bir cinayət hadisəsindən danışırdılar. Üç dost oğurladıqları malın üstündə dalaşmış, ikisi birləşib üçüncünü öldürmüşdü. Kişi verilişə baxa-baxa öz-özünə hirsləndi:
– Əşşi, belə də zülüm olar dünyanın bu dar vaxtında biz düşmüşük? Ölkə
kosmosa uçur. Amma bunlar... – O, əliylə bütöv ekranı tutmuş cinayətkarın gözlərini göstərdi, – oğru pişiyə dönüblər də. Özü də bu qədər tuta-tuta, mübarizə apara-apara, təbliğat eləyə-eləyə. Düzəlmirlər də. Molla Nəsirəddin demiş, kişinin sözü bir olar! Kor tutduğun buraxmaz! Əh, bu dünya düzələn döyül, vallah. – Əl atıb üst tərəfindən olan radioqəbuledicinin də düyməsini basdı. – Görək bu nə deyir, nə danışır dünyanın gərdişindən, gedişindən....
Radioda uşaqlar üçün nağıl söyləyirdilər. Rəis qulaqlarını şəklədi. Qocalsa da, nağıldan, rəvayətdən yaman xoşu gəlirdi. Harda, kimdən nə eşitsə yığırdı cinədanına. Deyirdi, əsl kişi söhbəti, kişi sözü bu nağıllarda qalıb. İndikilər bir-iki şüardan başqa bir şey bilmirlər...
Diktor qız elə həzin, sakit, təmkinlə danışırdı ki, elə bilirdin yüz ilin qarısıdı, nağılı sinəsindən söyləyir: “Bir gün şah oğlu Şah Abbas gecə yarısı yatağından qalxıb sevimli vəziri Allahverdi xanı yanına çağırtdırır:
– Vəzir, yuxum ərşə çəkilib. Heç cür yata bilmirəm. Deyəsən, məmləkətdə
daradüşənvar! Dur bir şəhəri dolanaq. Bəlkə, köməyimiz dəydi!
Vəzir bir söz demədən razılaşır. Onlar təğyiri-libas olub şəhərə çıxırlar”.
– Aha, tapdım! – Rəis bığaltı güldü. – Təğyiri-libas olub milislərin işini yoxlamaq! Görək bunlar yerlərdə necə mübarizə aparırlar ki, oğru-əyrilər azalmaq əvəzinə günü-gündən çoxalır? Hə... Bu lap yaxşı oldu! – O, tez dostlarından birinə zəng edib onunçün bir dəst köhnə kəndli paltarı, bir at, arabası ilə evinə gətirilməsini xahiş etdi. Sonra katibəni çağırıb tapşırıq verdi:
– Məni soruşub eləyən olsa, həkimə getmişəm. Oldu?
– Baş üstə! – Katibə öz yerinə keçəndə o kabinetindən çıxdı. Bir-bir bütün
şöbələri gəzdi. Hamı obyektdə – yerlərdə cinayətkarlara qarşı mübarizə aparmasında idi. Bircə növbətçi milis qalmışdı burda. Binadan çıxıb birbaşa evə yollandı. Həyətdə onu at arabası gözləyirdi, içində də istədikləri paltarlar. Bir neçə kəlmə ilə arvadını başa salıb təğyiri-libas oldu. Ata minib həyətdən çıxdı. O, rayon mərkəzinin aşağı hissəsindən hərlənib üst tərəfdən yenə şəhərə girməli idi. Ayrı-ayrı küçələri, postları yoxlamalı, milislərin işinə gizlicə göz qoymalı idi. Belə də elədi. Araba şəhərdən, şose yoldan uzaqlaşıb torpaq yola düşdü. Açıq hava, səhərin sərin mehi, Qarabağ atının yorğa yerişi onu məst eləmişdi. Rəis elə bil tərs-avan geyindiyi cırıq çuxada yox, bəylik paltarında Məşədibad idi, adaxlıbazlığa gedirdi... Özünü sərbəst, göyün yeddinci qatında hiss eləyirdi. Hər şey yadından çıxmışdı. Rəisliyi də, milislər də, oğru-əyrilər də... Bir həzin küləkli çöllər idi, bir xəyalları, bir də yorğa yerişli Qara Kəhər... Cavanlığında kür boyunda şikəstə oxuya-oxuya o qədər at çapmışdı ki... İndi də o vaxt çox sevdiyi, dillərdə əzbər olan bir mahnının misraları düşdü yadına, dodaqaltı zümzümə eləməyə başladı:
Kür, Araz xəyaldadı,
İlin yaz, yay ayında.
Gör necə nəğmə yaşar
Səsində, harayında...
El onun nəğməsilə
Oyanar kür boyunda, kür boyunda...
Müfəttişin uzun fiti onu xəyaldan ayırdı. Şəhərə xeyli qalmış dörd yol ayrıcına bir dəstə müfəttiş, milis yığılmışdı.
“ – Afərin, yaxşı yerdə mövqe tutmusunuz! Bura lap Ümid burnudur”. “Hər
oğru, cinayətkar burdan yol sala bilməz!” – Ürəyində milislərinə təşəkkür eləyirdi ki, ala-bula çubuq havada “Düş aşağı!” əmrini cızdı. Rəis əmrə tabe oldu. Atın boynundan sürüşüb yerə düşdü. Onların yanına gəldi.
–Hardan gəlib hara gedirsən, kişi? – Baş müfəttiş sərt, qəzəblə dilləndi.
–Qış yaxınlaşır, qadan alım, gedirəm meşəyə odun yığmağa. – Sakit
səslə cavab verdi.
Baş müfəttiş qarnı atlana-atlana xeyli güldü:
– Hara?
Yanındakı milislər də züy tuturmuşlar kimi xorla cikgildədilər. Müfəttiş gülüşünü kəsən kimi onların da üzündən təbəssüm silindi.
– A kişi, o meşə hardadı elə, biz heç görüb-eləməmişik?
–A bala, məni çaşdırmayın görüm, bu yol Kür boyuna getmir?
–Gedir...
–Bəs orda meşə yoxdu? – Kişi əvvəl qısıla-qısıla, sonra ürəkli dilləndi.
Baş müfəttiş yenə qarnı atlana-atlana güldü və birdən ciddiləşdi:
–De görüm hansı kənddənsən?
–Çayırlıdan...
Hamı bir-birinə baxdı, sonra müfəttiş əmr verdi:
–Arabanı yoxlayın!
Milislər müxtəlif istiqamətdən arabanın üstünə şığıdılar. Bir az axtarışdan
sonra samanın altından konserva qutuları, çörək, bir şüşə konyak çıxdı. Dostu, yəqin ki, onun gəzməyə gedəcəyini düşünüb, arabaya bir günlük yemək də qoyubmuş.
– Bunu da odunların şərəfinə içəçəkdin, ya meşədəki sığırçınların? – Milislərdən biri konyak şüşəsini az qala kişinin gözünə soxacaqdı.
– Yaxşı, Çayırlıya axı qaz çəkilib, sən neyləyirsən odunu? – Baş müfəttiş sanki bir cinayətin izinə düşübmüş kimi ciddiyyətlə dedi. Bunu hiss eləyən kişi əsəbiləşdi:
–Əşşi, nə yapşmısınız yaxamdan ey... gəzməyə gedirəm, sonra?
– Xeyir, sən qarpız oğurluğuna gedirsən! – Milislərdən biri qışqırdı. – Elə
bilirsən, bizim dünyadan xəbərimiz yoxdu? Meşənin ağaclarının çoxdan kəsilib yerində qarpız əkildiyini bilmirik? Sənin ora oğurluğa getdiyini başa düşməyəcəyik? Bunun əl-qolunu bağlayıb şöbəyə aparmaq lazımdı, orda ayırd eləyərik. – Onda atın böyründə gözləsin, axşam apararıq. – Baş müfəttiş qəti qərar verdi.
Rəisin dil-dodağı təpidi. Deyəsən, bu zalımlar onun bu günkü böyük planını
həyata keçirməyə imkan verməyəcəkdilər! Bütün günü yolun qırağında oturub qalmaq? Dəhşətdi!.. Görəsən, Şah Abbas belə yerdə neyləyərdi? Əşşi, deyirsən, indi səndən Şah Abbas çıxacaq? Dədən soğan, nənən sarımsaq, istəyirsən olasan çinar ağacı!.. Durduğun yerdə durmursan, başlamısan özünə iş açmağa, təğyiri-libas olmağa. Bu da təğyiri-libas! Kişi ürəyində min dəfə özünə soyüb səkinin qırağına çökdü. At da boynunu burub ona baxırdı. Neyləyəydi? Cilovu keçəl həmzələrin əlinə keçmişdi. Rəis ta dillənmədi. “Çünki oldun dəyirmançı, çağır gəlsin dən Koroğlu!” Başladı müfəttişlərin işinə altdan-altdan göz qoymağa.
Sehrli çubuq yenə havanı yardı. Bir “jüquli” dayandı. Sürücü yayxanıb oturmuşdu, yerə düşmək fikri yox idi.
–Hardan gəlirsən? – Müfəttiş özü maşına yanaşdı.
– Dağdan.
–Yükün nədi?
–Ceyran südü.
–Sənədlərini gətir görək.
–Neçəsini?
–Nə qədər çox olsa, başının ucalığıdı.
–Sərraflarını göndər on ədədini götürsün. Bəsinizdi!
Milislərdən ikisi yüyürüb maşının arxa hissəsindən on araq şüşəsi götürdü.
–Nuş olsun! – sürücü əlini yelləyib maşını işə saldı və uzaqlaşdı.
Sehrli çubuq daha bir “jüquli”ni saxlatdı:
–Hardan gəlirsən?
– Şəhərdən.
–Sənədlərini gətir.
–Neçə razmer?
–Otuz doqquzdan qırx doqquza kimi hansı olsa “mojnadı”.
Kişi arxa oturacaqdan bir bağlanca götürüb yerə atdı:
–Gəlin aparın, sağlıqla geyinəsiniz! – Maşını sürüb getdi.
Bu dəfə sehrə düşən “Qaz-69” idi.
–Hardan gəlirsən?
–Bağdan....
–Sənədlərini....
Kişi maşından yerə bir quzu salıb, – Nuşican! – dedi.
... Axşam düşmüşdü. Rəis arabasını da, özünü də unutmuşdu. Bərəlmiş
gözləri baqqal dükanına dönən müfəttişin maşınına dikilib qalmışdı. Dünyanın gərdişini düşünə-düşünə gedişinə baxırdı...
Sehrli çubuq da öz işində idi. Yüksəlirdi, enirdi, fırlanırdı və hər dəfə tora
bir maşın salırdı. Növbəti tora düşən Zil oldu. Sürücü maşından düşüb onlara yaxınlaşan kimi birnəfəsə başladı:
–Daşüzdən gəlirəm. Dostumgilə getmişdim. Əlli dənə daş almışam. Evin
pilləkənləri sökülüb, onları hörmək istəyirəm...
–Biz hələ səndən heç nə soruşmamışıq! – Baş müfəttiş qəzəbləndi.
–Amma bu əllimetrlik yolda əlli daşdan ötrü əlli dəfə məni saxlatdırıb
abrımı büküblər ətəyimə! – Sürücü də hirsləndi.
–Nolar, biz də o bükülü ətəyini açıb tökərik yerə. Sənədlərini gətir!
Kişi maşının, özünün sənədlərini gətirib onlara verdi.
–Bəs daşın sənədləri?
–Əlli daşa nə sənəd? Dedim ki, dostumdan almışam!
–Bir daşa da sənəd lazımdı! Yaxşı, onu şöbədə ayırd edərik. Gözlə.
–Bir daşada...
– Ay canım, məni işə salmayın görüm. Axşamdı. İstəmirəm o daşı,
götürün, maşını aparıb qaraja salmalıyam.
–Bizə sənəd lazımdı, daş yox. O ki, qaldı dostuna, onun da işini
yoxlayarıq. Görək hardan alıb bu daşları ki, hələ pay da verir. Yoxsa daş karxanası var onun?
Sürücü suçlu-suçlu susdu. Nə edirlər barı ona etsinlər. Dostunu bu işə
qatmasınlar.
Rəisliyini “unutmuş” “kəndli”, nəhayət, dilə gəldi:
–A bala, səhərdən o qədər maşın, adam yola salmısız, əcəb eləmisiz.
Qoyun biz də çıxıb gedək xarabamıza də... Nigaran qalarlar axı evdə.
–Olmaz, dədəcanı. – Müfəttiş bic-bic güldü.
–Niyə axı? – Kişi təəccübləndi.
–Onda rəis bizdən soruşa bilər, balam, bütün günü dörd yol ayrıcında
dayanmısınız, amma bir nəfər də olsun oğruya, əyriyə rast gəlməmisiniz? Yəni hamı belə qayda-qanun sevəndi? Yəni heç qarpız oğurluğuna gedən də olmayıb deyirsiniz? Bax biz də deyəcəyik ki, olub, özü də bir yox, iki nəfər yaxalamışıq! İki böyük oğurluğun qarşısını almışıq! Biri qarpız oğrusu, biri də budur daş! O da deyəcək, afərin! Həmişə belə işləyin! İndi siz bizi bağışlayın. Burdan düz gedirik şöbəyə. Qorxub eləməyin. Günahınız yoxdusa çıxıb gedəcəksiniz. Ta bizi üzürlü hesab eləyin, vəzifəmiz tələb eləyir bunu. – Müfəttiş maşınına minib qabağa düşdü. Arxasınca zil, onun arxasınca da araba sıralandı...
Rəisarabadaoturubfikrə getmişdi. Cilovmüfəttişin əlində idi. O, bugünkü planını qismən həyatakeçirə bilmişdi. Yəniaxtardığı sualacavabtapmışdı. Səndemə, indiyə kimionlaroduqoyub, külü ayaqlayıblar! Sonradaqışqırıbdeyirlərki, ayamanbizyandıq, buodniyə sönmür? Dağılasanzamana!!!
Sabah o həmkarlarına hansı cəzanı necə versinki, bütün bu həngamələr öz düzgün həllini tapsın?!
Görəsən, Şah Abbas belə yerdə nə edərdi?
1982
Mənbə: Ustad jurnalının 9-cu sayı
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür