senetaz

Həsən Əliyev 80 D

17 İyun 2025 1698

Sənət mühitinin tənqidə bağlı qapıları - Günel Musa yazır

Sənət mühitinin tənqidə bağlı qapıları - Günel Musa yazır

Tənqid, şərh, müzakirə, qaranlıq qalan sualların cavab axtarışına çıxmaq, danışmaq və yaxud da sadəcə dinləmək... Bunlar hər zaman, bütün sahələrdə çox əhəmiyyətlidir.

Bir ölkədə, cəmiyyətdə sənətin, sənətkarın tənqid oluna bilməsi isə öz aləmində xüsusi əhəmiyyətə sahibdir, eyni zamanda həmin cəmiyyətin demokratik və çağdaş yanaşmalara malik olduğundan xəbər verir. Gəlin mətləbi heç uzatmadan belə bir sual qoyaq ortaya: Azərbaycanda mədəni və ədəbi mühit tənqidə, müzakirəyə açıqdırmı? Ölkəmizdə sənətçilər, yazıçılar və onların ərsəyə gətirdiyi əsərlər sağlam şəkildə, tərəddüd edilmədən şərh oluna bilirmi?

Təəssüf ki, Azərbaycanda mədəni və ədəbi mühitin ən böyük problemlərindən biri də tənqidə qarşı dözümsüzlükdür. Tənqidçilərin, sənətşünasların yetişməməsi, bir musiqinin, tamaşanın, filmin, romanın və yaxud da sərginin fərqli yanaşmalarla gündəmə gəlməməsi bir sübutdur. Bir sənət əsəri müsbət və ya mənfi tərəfdən tənqid olunub müzakirə edilmədiyi zaman nə inkişaf edər, nə də səs-sorağı eşidilər. “Əvvəllər yaxşı sənətşünaslar, tənqidçilər var idi, artıq yoxdur” şikayətlərini son illər daha çox səsləndiririk. Bəli, yoxdur. Amma gəlin görək niyə yoxdur? Bunun bir səbəbi yaradıcı insanların tənqidə açıq olmamasıdırsa, digər bir səbəbi də müasir incəsənətin buna imkan verməməsidir. Ölkəmizdə yaradıcı insanlarla ictimaiyyət arasındakı məsafə hər gün keçdikcə bir az daha genişlənir. Titullu, reytinqli sənətçilərin sənətləri, yaradıcılıqları ümumiyyətlə nə tənqid, nə müzakirə oluna bilər. Yazıçıdırsa, yazdığı romanı hekayəni oxuyarsan. Aktyor, rejissordursa, tamaşasını, filmini izləyərsən. Müğənnidirsə, mahnısnı dinləyib sakitcə oturarsınız yerinizdə. Bəyənib-bəyənməməyiniz isə özünüzə qalar. “Çox gözəl”, “Möhtəşəm!” deməkdən başqa heç bir seçim şansınız olmaz. Tapdığınız qüsurlar, bildirmək ehtiyacı hiss etdiyiniz iradlar beyninizi gəmirsə də, dilə gətirməkdən ehtiyat edərsiniz.

Ən uğursuz əsərdə belə mütləq uğurlu nüanslar vardır, şübhəsiz. Problem ondadır ki, sənətçinin əsərinin, yaradıcılığının fərqli rakurslardan müzakirə olunmasına fürsət yaradılmır. Bu fürsətin qarşısını isə əksər hallarda sənətçilər özləri kəsirlər. Bir müddət sonra sənətçi artıq təkrarçılıq etdiyini, işinin qəlibləşdiyini hiss etmir. Belə bir mühitdə sənətşünasların yetişmək ehtimalı da olmur.

Bir işi bəyəndiyimiz zaman bunu dilə gətirmək olduqca asandır. Amma bəyənmədiyimizi, həqiqətləri hər zaman dürüst şəkildə söyləyə bilmirik, təəssüf ki. Şəxsən mən xeyli vaxtdır bunu edə bilmirəm. Məsələn, bir neçə gün bundan əvvəl “M Teatr”ın səhnəsində Xalq artisti Vidadi Həsənovun quruluş verdiyi “Ovod” tamaşasına baxdım. Tamaşa haqqında əvvəlcə tərif yazıları oxumuşdum. Bu təriflər tamaşadan gözləntilərimi yüksəltmiş və məni həvəsləndirmişdi. Amma tamaşa bunu doğrultmadı. Əvvəl düşünürdüm ki, tamaşa haqqında detallı tənqid yazım. Amma Vidadi Həsənovla bundan xeyli əvvəl yaşadığım acı bir təcrübəni xatırladım. Bilirəm, maraqlı gələcək, ona görə qısa şəkildə həmin xatirəni də yazım, qalsın burda. Bir neçə il bundan əvvəl mədəniyyət yazarı olaraq “M Teatr” da “Yad qadının məktubları” tamaşasının məşq prosesində iştirak edirdim. Xeyli izlədim. Oksana Rəsulovanın rola girə bilməməsi, nitqindəki rabitəsizlik, süni ifası məni vadar etdi ki, fikrimi bildirim. Elə ağzımı açıb bir kəlmə demişdim ki, Vidadi Həsənov məni peşman etdi. Sənətkar etik olmayan bir məsəl də çəkib dedi: “Mamaça çox olanda uşaq tərs gəlir”. Sakitcə durub məkanı tərk etdim. Eyni vəziyyəti yaşamayacağımdan sığortalanmadığım üçün bu dəfə həm Vidadi Həsənovun, həm də tamaşada rol alan aktyorların reaksiyalarından çəkindim və qərara gəldim ki, heç “Ovod”a toxunmayım. Amma bu, belə olmalı deyil. Sənət adamları tənqidə, irada daha çox neqativ perspektivdən baxdığı üçün bu qarğaşaya düşməmək üçün səssizliyi seçirik bəzən. Sükutu pozan bir neçə mədəniyyət yazarı, izləyicilər də var ki, onlar sənət adamları tərəfindən “qərəzli” kimi qələmə verilir. Halbuki tənqid, şərh, hansısa əsəri bəyənməmək olduqca normal haldır. Bunun “sən nə bilirsən?” kimi kinayəli qarşılığı olmamalıdır.

Günel MUSA
525.az