
Cahangir Zeynalov yaradıcı aktyor idi. O, “Yağışdan çıxdıq, yağmura düşdük” komediyasında Hacı Qənbər sürətini yaratmaq üçün, o tipli tacirləri xüsusi öyrənmişdi. O, bəzən səhnədə tipin səviyyəsinə münasib sözlər tapıb işlədirdi. Bir dəfə C.Zeynalov Hacı Qənbər rolunda oynayarkən, arvadı ilə sözləşdiyi səhnədə gözlənilmədən dedi: – Ay arvad, məndən nə istəyirsən? İyirmi yaşayıram, yaşayırsan, otuz yaşayıram, yaşayırsan, qırx yaşayıram, yaşayırsan. Mənimlə qəbrə getmək fikrindəsən? Mən səninlə qəbrə getmək istəmirəm. Heç olmasa, qoy orda asudə yaşayım. Təsadüfən teatrda olan N.Vəzirov fasilə zamanı səhnə arxasına gəlib C.Zeynalova təşəkkür edir: – O sözləri çox yerində dedin. Əsəri yazarkən, o sözlər mənim ağlıma gəlsəydi, mütləq yazardım.
***
N.Vəzirov keçən əsrin axırlarında Bakıya ikinci dəfə gələndə, bir müddət neft çıxan yerləri alıb-satan və əlində geniş imtiyazlar olan mühəndis Fərrux bəy Vəzirovun yanında çalışmış, onun aldadıcı və hiyləgər üsullarının şahidi olduqdan sonra “ağası” ilə arası bərk dəymiş, işdən çıxarılmışdır. Fərrux bəylə Nəcəf bəy arasında belə bir söhbət də olmuşdu: – Sən, camaatı aldatmaqda bizi təqsirləndirməklə nə qazanırsan? Kasıb adamsan, biz deyənə bax, var-dövlət sahibi ol, xeyir götür! Nəcəf bəy ona belə cavab vermişdi ki, -mən xeyrimi götürmüşəm, qazandığım çox şey olub, elə sizin özünüz mənim qazancımsınız! Dramaturq düz deyirdi, onun “qazancı” böyük idi. “Pəhlivani-zəmanə” pyesinin baş qəhrəmanı Aslan bəyin prototipi Fərrux bəyin özüydü. *** Nəcəf bəy ömrü boyu öz ədəbi-bədii əsərlərinə bir qəpik də qonorar almamış, daima onu xeyriyyə cəmiyyətlərinə bağışlamışdı. 1913-cü ildə “Kaspi” qəzetinin müxbiri ondan sual etdikdə ki, siz nə üçün ədəbi muzddan imtina edirsiniz, Vəzirov belə cavab vermişdi: – Bu, mənim prinsipimdir. Mən hələ vicdanımı itirməmişəm ki, xalqımın maariflənməsinə kömək edən yazılarımdan qazanc götürəm.
***
Nəcəf bəy Vəzirov, yeri düşdükdə, istedadlı bir aktyor kimi səhnədə də çıxış edirdi. Onun sevdiyi rollardan biri də “Müsibəti-Fəxrəddin” faciəsindəki Hürü nənə idi. 1916-cı ildə pyes tamaşaya qoyulanda Hürü nənəni oynayacaq aktrisa çatışmır. Məşqi dayandırmaq istədikdə, Vəzirov razı olmur. Truppa rəhbəri Mirzağa Əliyev Vəzirova yaxınlaşıb utana-utana deyir: – Nəcəf əmi, Azərbaycan səhnəsində aktrisa olmadığını bildiyiniz halda bəs nə səbəbə əsərlərinizdə bu qədər qadın rolu var? – Oğlum, sözlərin tamamilə doğrudur, aktrisamız yoxdur. Ancaq biz Azərbaycan dramaturqları indiki vaxtı və zamanı nəzərdə tutub yazmırıq. Bir vaxt olacaq ki, doğma səhnəmizdə oğlandan çox qızlarımız olacaqdır. – Yaxşı, bəs indi biz nə edək? Hürü nənə rolunda artistimiz çatmır axı? Nəcəf bəy gülə-gülə: –Tapılar. Siz işinizdə olun. Hürü nənə rolunu oynayanım var, təvəqqe edərəm, gəlib oynayar. Hələlik salamat qalın! – deyib gedir. Tamaşa axşamı, pərdənin açılmasına yarım saat qalmış Vəzirov gəlir. M.Əliyev tez ona yanaşır: - Nəcəf əmi, bəs Hürü nənəni oynayan nə oldu? Niyə gəlmədi? Nəcəf bəy tez də cavab verir: – Bu saat hamısı düzələr. Tez paltarları bura verin. Nəcəf bəy soyunur, Hürü nənənin paltarlarını geyinib, saqqalı və bığı görünməsin deyə burnunun üstündən yaşmaq bağlayır. Vaxti-müəyyəndə səhnəyə daxil olub, tamaşanın axırına qədər öz rolunu gözəl oynayır. Tamaşa qurtardıqdan sonra aktyorlarla vidalaşıb gedəndə, Vəzirov gülə-gülə deyir: – Adətdir, qız qarıyıb qocalanda, güc dayısına düşər, - deyərlər.
***
1923-cü ildə Azərbaycan milli teatrının yaranmasının əlli illik yubiley gecəsində, onun ya-radıcılarından biri kimi Vəzirov parlaq nitq söyləmiş, nitqinin sonunda gözləri yaşara-yaşara demişdi: – Azərbaycan teatrının başlanğıcı mənə səhrada əkilmiş tənha bir ağacı xatırladır. Bu ağacı əkmiş olan adam, qoca yaşlarında bir daha buraya qayıdır və qarşısında gözəl və qəşəng bir bağ görür. Bu bağda bir çox gözəl bağbanlar öz ağaclarına səylə qulluq edirlər. Yaşasın sevgili vətənim Azərbaycan!..
***
Vəzirovun kefi kök olanda oxuduğu mahnılardan biri “Ev tərbiyəsinin bir şəkli” pyesində nökər Əsgərin dilində səslənən mahnı idi: Mirzə tərəqqa budur ha gəlir, Əldə fələqqa budur ha gəlir. Döyməyə sizi, ya incitməyə Haqqında-haqqında budur ha gəlir. İkincisi isə, “Vay şələküm məəlləküm” məzhəkəsində Kefcil Almasın oxuduğu: Fayton gəlir qoşa-qoşa. Biri Saşa, biri Maşa. – mahnısı imiş ki, o vaxt xalq arasında da geniş yayılmışdır.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür