“HAA.., MOLLALAR, SİZDƏ NƏTƏR SAYIRLAR ?! – İYNƏ-İYNƏ,UCU DÜYMƏ,ŞAM AĞACI ŞATIR KEÇİ…HA-HA-HA … ARA, ARA….HA-HA-HA..”
Bu səslər hər dəfə qulağında səsləndikcə o cəhənnəm əzablı günlərdən necə xilas olduğuna az qala özünün də inanmağı gəlmirdi.Hər dəfə də erməni əsirliyindəki günlər yadına düşəndə mənən ölüb-dirilirdi…
Özünü dayanacağa zorla çatdırıb, çiynini dayanacağa söykəyib dayandı.Son vaxtlar ayağındakı protez ona yaman əziyyət verirdi.Axır iki ildə arıqladığından sol ayağının dizdən aşağı hissəsində ayağını əvəz edən protez laxlayırdı.Ayağının ətini əzib qaraqançır etdiyinə görə neçə müddət idi ki,geyinmirdi,məhz buna görə də evdən nadir hallarda bayıra çıxırdı.Təzə protez “ayaq” sifariş vermək Raufun imkanı xaricində idi.Bu gün isə məcburiyyətdən dostu – əsirlikdə birlikdə ölüm məngənəsində az qala son nəfəsinə qədər sıxılmış Salmangilə gedir.Salman bir ay olardı,ağır vəziyyətdə idi:başında qalmış mərmi ona olmazın əziyyət verirdi,möhkəm sancılar onu dəli edirdi.Həkimlər ona tərpənməməyi məsləhət görsələr də,Salman deyilənlərə məhəl qoymur,ölümünü gözgörəsi yaxınlaşdırırdı.Bunu dünən telefonla Salmanın həyat yoldaşı ağlamaqdan boğula-boğula danışırdı.Rauf da Gülsümə telefondaca söz verdi :”Sabah gəlib özüm baş çəkəcəyəm,Salman məni eşidər”.Düşünürdü ki,Salman bunu bilə-bilə edir,çünki dəflərlə o, bu barədə Raufa danışmiş,belə ilan kimi sürünə-sürünə yaşamaqdan bezdiyini söyləmişdi.Raufa :”Sən Allahın xoşbəxt bəndəsisən ki,gəzə bilirsən”-demişdi.Rauf da kədərini gizlətmək üçün yalandan gülərək: “Rəhmətliyin oğlu,bir ayağım var,onun da yarısı taxta,hardan bəxtəvər oldum?!” –demişdi.Bu fikirlərdən onu qadın səsi ayırdı – dayanacağın skamyasında oturan 50-55 yaşlı iki qadından biri oturmaq üçün ona yerini təklif edirdi.Rauf razılaşmadı:”Sağ ol,ana,Allah razı olsun,-yola nəzər salaraq,-budur, 65 (avtobus) görünür,narahat olmayın”.Onun dili bu sözləri deyərkən qəlbini başqa fikirlər çulğayırdı …
“QOZ AĞACI QOTUR KEÇİ… HA-HA-HA… SİZ ELƏ KOZYOL OLMUSUZ DA,TÜRK MOLLALARI !!!”
Sanki beynini tutub sıxırdılar.”Əgər Salman o vəziyyətdə olmasaydı ,geri qayıdardım”,- fikirləşirdi.
Avtobusa güc-bəla ilə mindi – həmişə şalvarının sağ qıçını dibindən qatlayıb belinə sancaqlayardı.Sol ayağının isə “andıra qalmışı”nın (protezi həmişə belə adlandırırdı) ona əziyyət verməsi Raufu çıxılmaz vəziyyətdə qoyurdu.Nəhayət ,avtobusun pilləkənlərini qalxa bildi..Hətta sürücünün “bir az tələs,ay brat” deməsi onu əsəbiləşdirsə də,səbrini basdı.Sərnişinlər ,demək olar ki,gənclər idi.Avtobusda oturanlara zəndlə baxdı:əksəriyyəti qadınlardı,ən yaşlısınin 25-30 arası yaşı olardı.Hər kəs iki ayağı da şikəst olan bu adama baxıb özlərini məşğul kimi göstərir,görməzliyə vururdular.Həm ağrı,həm də camaatın bu etinasızlığı onu cana yığır,üzü qəribə bir ifadə alırdı.Birtəhər qoltuq ağacına söykənib avtobusun tutacağından tutdu,yəni özünü dəmir dirəyə söykədi.Az qala Allaha yalvarırdı ki,mənzil başına tez çatsın.Gizlin-gizlin və qəribə baxışları üstündə hiss eləyirdi.Sanki bu baxışlar:”Əlilsən,otur evində,avtobusda nə işin var sənin ?” deyirdi,bu atmosferdə özünü təhqir olunmuş hesab edirdi.Lap əsirlikdə olduğu kimi…
”YARIL-YIRTIL..HA-HA-HA…QARABAĞI VER, QURTUL…”
Raufun beynində səslənən bu sözlər ermənilərin azərbaycanlı əsgərləri ilə oynadıqları oyun idi.Beş-altı əsirin əllərini cütləyər, yarıdan kəsilib torpağa basdırılmış dirəyin üstünə qoyar,əlləri dirəyə mismarladıqdan sonra “əlüstü” oyunu oynayardılar.Sonuncu söz düşən əsirin sinəsindən təpiklə vurub kənara atardılar.Əli mismarlanmış yerdən cırılmış əsir ah-vay edib zarıyardısa,onu “Dəyirmi Masa”ya dəvət edərdilər.Bu prosesdə əlləri dil əvəz edərdi.Əsirin dilini dartıb dirəyə mismarlardılar.Beləcə əlinin ağrısına dözməyənlər dilləri mismarlandıqdan sonra inildəyər,bu da ermənilərə böyük zövq verərdi. “Karusel”in sədaları altında rəqs edərdilər…Bu düşüncələrlə avtobusun radiosunda səslənən ,istəmədən dinlədiyi musiqinin bir hissəsi ona eynən “Karusel”i xatırlatdı, ürəyindən qəribə bir gizilti keçdi.
”HOPPAN – HUPPAN, VUR NAĞARA,CIX QIRAĞA !!!”
sanki Raufun sinəsindən bu andaca növbəti təpik dəydi.Sürücünün əyləci qəfil basaraq avtobusu saxlaması ilə Raufun müvazinətini itirib döşəməyə yıxılması bir anda oldu.Protezi dizindən burularaq ayrıldığı üçün ayağının ətini qoparmışdı.Ayağı bütün qan içində idi.Sürücü özünü itirmiş, avtobusun döşəməsində uzanılı qalan kömək etmək əvəzinə, elə yerindəcə donub qalmışdı.Sərnişinlər isə qara-qışqırıq salıb avtobusdan düşürdülər.Qızlardan bəzilərinin-”Oy,ujas”-deyərək qaçması Raufa elə də pis təsir etmirdi – onu acıdan oğlanların onun qana bələnmiş ayağına qorxa-qorxa baxaraq sivişib aradan çıxması idi.Qan içindən salamat çıxmış adamın qanından qorxmuşdular.Deyəsən, bu millətin “Qan Qorxusu” canından heç vaxt çıxmayacaq.Rauf onların yaşında olanda…eh…
Hadisəyə görə yığışanlardan biri onu xəstəxanaya aparmaq istədisə də,Rauf etiraz edərək evə dönəcəyini bildirdi.Ürəyində özünü günahlandırırdı-gərək necə olsa da,avtobusa minməyəydi,taksiylə gedəydi…
Amma heç özü də bu andaca aydınlaşdıra bilmirdi ki,əsl günahkar kim idi : ERMƏNİLƏR?
ETİNASIZ CƏMİYYƏT ?
YA ÖLÜM MƏNGƏNƏSİNDƏN YARIMCAN ÇIXAN DÖYÜŞÇÜLƏR ?!!!
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür