Aprelin 8-də Hədəf Liseyinin Azadlıq filialında Xalq şairi, ictimai xadim Sabir Rüstəmxanlı ilə görüş təşkil olunub.
Tədbiri açıq elan edən Hədəf Şirkətlər Qrupunun qurucu direktoru, yazıçı-publisist Şəmil Sadiq qonaqları salamlayaraq Sabir Rüstəmxanlının Azərbaycan ədəbiyyatında və ictimai fikir tarixində xüsusi yeri olan görkəmli şəxsiyyətlərdən biri olduğunu vurğulayıb. O qeyd edib ki, şairin yaradıcılığı milli ruhun, azadlıq düşüncəsinin və vətən sevgisinin bədii ifadəsi kimi uzun illərdir oxucular tərəfindən böyük maraqla qarşılanır. Şəmil Sadiq bildirib ki, Sabir Rüstəmxanlı təkcə Azərbaycan ədəbiyyatının deyil, bütövlükdə Türk dünyasının tanınmış ziyalılarından biridir və onun fəaliyyəti türk xalqları arasında mənəvi bağların möhkəmlənməsinə mühüm töhfə verir. Qeyd olunub ki, şairin əsərlərində Türk dünyasının ortaq tarixinin, mədəniyyətinin və milli kimlik düşüncəsinin təbliği xüsusi yer tutur. Şəmil Sadiq Sabir Rüstəmxanlının həm ədəbiyyatda, həm də ictimai fəaliyyət sahəsində xalqımıza mühüm xidmətlər göstərdiyini diqqətə çatdıraraq, bu görüşün şairin 80 illik yubileyi ərəfəsində keçirilməsinin xüsusi rəmzi məna daşıdığını bildirib. Onun sözlərinə görə, belə görüşlər gənc nəslin milli dəyərlər və ədəbiyyatımızın böyük simaları ilə yaxından tanış olması baxımından mühüm əhəmiyyət kəsb edir.
Daha sonra filialın direktoru Zülfiyyə Sadiqova və tarixçi alim Elvin Əliyev çıxış edərək Sabir Rüstəmxanlının yaradıcılığının gənc nəslin milli və vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynadığını qeyd ediblər. Bildirilib ki, şairin əsərləri Azərbaycan tarixinin, milli kimliyinin və azadlıq ideyalarının bədii salnaməsi kimi xüsusi əhəmiyyət daşıyır. Çıxışlarda Sabir Rüstəmxanlının məşhur “Ömür kitabı” əsərinin Azərbaycan xalqının tarixi yaddaşını, milli düşüncəsini və mübarizə ruhunu əks etdirən mühüm əsərlərdən biri olduğu vurğulanıb. Həmçinin onun digər kitablarının da Azərbaycan ədəbiyyatında və türk dünyasının mənəvi düşüncə məkanında xüsusi yer tutduğu diqqətə çatdırılıb.
Tədbirin bədii hissəsində liseyin şagirdləri “Sabir Rüstəmxanlı – 80: sözlə yazılan tarix” mövzusunda təqdimat ediblər. Təqdimat zamanı şairin həyat və yaradıcılığına, milli azadlıq mücadiləsində yorulmaz fəaliyyətinə həsr olunmuş videoçarx və slaydlar nümayiş etdirilib, Sabir Rüstəmxanlının şeirləri qiraət olunub, sözlərinə bəstələnmiş vətənpərvərlik ruhlu mahnılar ifa edilib.
Görüş zamanı Sabir Rüstəmxanlı şagirdlərin suallarını səmimi şəkildə cavablandırıb, gənclərə elmə, kitaba və milli dəyərlərə bağlı olmağın vacibliyi barədə tövsiyələrini çatdırıb. Xalq şairi Hədəf Liseylərinin ölkədə müasir və milli ruhlu təhsil mühitinin formalaşmasında mühüm rol oynadığını qeyd edib, gənc nəslin maariflənməsi istiqamətində həyata keçirilən təşəbbüsləri yüksək qiymətləndirib. O, həmçinin Türk dünyasının ortaq elmi və mədəni dəyərlərinin inkişafına xidmət edən Turan Balabilgə Akademiyasının fəaliyyətini önəmli təşəbbüs kimi dəyərləndirib. Sabir Rüstəmxanlı dəvətə və göstərilən diqqətə görə tədbirin təşkilatçılarına təşəkkür edib və imzalı kitablarını Hədəf Liseyinə hədiyyə edib.
Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirilib.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür