
Bu dünyadan Aygün Bəylər adlı bir sənətkar keçib-getdi...
Kimsə "böyük sənətkar", kimsə "adi müğənniydi" dedi, biri heç bəyənməyibmiş, başqası vurğun imiş. Sevənlər sevməyənlərə kükrədi, sevməyənlər sevənlərə lağ elədi. Hər dəfə gündəmdə olan hadisələrdə etdiyimiz kimi, heç kim qarşı tərəfi başa düşmək istəmədi...
Sevənlərin cərgəsində olduğum üçün bir az özümü ifadə etməyə çalışacam, anlayan anlayar, anlamayanlara özüm icazə verirəm: lağ eləməyə davam edin, incisəm o tut ağaclarının yanına gedim...
Nə ifa tərzinə, nə səsinə toxunacam, mənim istədiyim diqqətinizi başqa tərəfə çəkməkdi.
Bizim illərin (80-90) uşaqları üçün o Aygün Hümbətova kimi, Uşaq Filarmoniyasının solisti olaraq başlamışdı. Nəyə görəsə əvvəllər yadımda "Bənövşə uşaq xoru" kimi qalmışdı, sonra əslini bildim.
Başındakı qədeşsayağı kepkası, əynindəki şalvarıyla, maskulin görünüşü və davranışı ilə kənd mühitində boğulan qızların da ilham yeri olmuşdu. Dorğusuyla-yanlışıyla bu tərz bir yenilik idi və yenilik də kənd qızları üçün nəfəslik demək idi...
Tez-tez yeganə olan kanalda görünər, əsasən xalq mahnılarıyla bizi feyziyab edərdi. Səhvim varsa düzəldin: mən onun bir dənə də bayağı mahnı oxuduğunu heç xatırlamıram...
Sonra o möhtəşəm mahnı gəldi. Artıq yetişkin idik. Hansı il olduğu da dəqiq yadımda deyil, ancaq neçə ildi mənə elə gəlir ki, sanki evimizdən, həyətimizdən, kəndimizdən uzaq düşdüyüm gündən bəri o mahnı mənimlə var.
Tut ağacım, tut ağacım,
Aman yerim, güman yerim.
Xatirələr qanadında,
Yaşatdığım pənah yerim.
Nadir kənd həyəti olar ki tut ağacı olmasın, nadir insan olar ki o ağacla bağlı pis-yaxşı xatirəsi olmasın. İnanmırsızsa mahnının Youtube-dakı videolarının altına yazılan rəyləri oxuyun.
Tut ağacım, tut ağacım,
Sirli sözüm, anan yerim.
Tut ağacım, ucalığım,
De, arzuma necə çatım?
Tut ağacını tanıyanlar bilir, onda bir nəhənglik, əzəmət var. Adama - xüsusilə də uşaq olanda elə gəlir ki bu ağac dünyadakı bütün sevdiklərini öz kölgəsində toplaya, qol-qanad gərə bilər.
Nədənsə həm də adama elə gəlir ki, başqasına və ya dünyaya olan bütün hikkəni bu ağacdan çıxa bilərsən və o heç zaman səndən inciməz. Axı o əzəmətlidi, nəhəngdi, sənin uşaq canınla sındırdığın o budaqlarla, qocaman gövdəsinə sancdığın mismarlarla ona nə olacaq ki? Nə biləydik ki, zamanla o şirin xatirələrin sorağıyla axtaranda daha tapa bilməyəcəyik o nəhəngliyi.
De, köksünə neçə çarpaz dağ çəkmişəm?
Neçə körpə budağını mən əzmişəm?
Bir gün, şirin xatirələr sorağıyla,
Səni gözləyəcəyimi bilməmişəm...
İndi çoxunuzun həyətində elə bizimki kimi nə o möhtəşəm tut ağacları var, nə tutub sallanacağınız, ya da bıçaqla cürbəcür adlar yazacağınız budaqları, nə yelləncək, nə o sərin kölgə... Bizimkinin yerində qupquru qurumuş kötüyü var idi, o da yoxa çıxıb.
İndi sənin budağında,
Bir iz qoymaq müşkül olub.
Əl çatmayan arzulartək,
Xatirələr dönməz olub.
O xatirələr kimi tut ağaclarımız da əlçatmaz olub.
İndi yoxsan yuxularda,
Mən gördüyüm röyam kimi.
İndi yoxsan o göylərdə,
Əl çatmayan ulduz kimi...
Ancaq nə yaxşı ki bu dünyada Zəkirə Allahverdiyeva adlı biri bu şeiri yazdı, Aygün Səmədzadə adlı bəstəkar mahnı bəstələdi və Aygün Bəylər adlı bir müğənni bu mahnını o qədər möhtəşəm oxudu ki, nə vaxt səslənsə bütün o acılı-şirinli xatirələr gözümüzün önündən film kimi keçir, qəhər boğazımızda düyünlənir, gözlərimiz dolur-boşalır, sonra üzümüzə təbəssüm qonur.
İndi bizim yaşıdlar, bizim nəsil, yəni Aygünsevərlər yenə onun diliylə sanki üzümüzü əlimizdən uçub gedən xatirələrimizə tutmuşuq:
Daima düşünür xəyalım səni,
Dilimdən düşməyir ismin bir an da.
Sözümün hər biri bağlanıb sənə.
Sən mənim nitqimin nida yerisən...
Əmin olun, bir zaman gələcək siz də hansısa illəri bu cür axtaracaqsız:
Sanıram daima yanımda səni,
Tənhalıq zamanı sükut olanda.
Ürəyim boşluqda hayqıran zaman,
Sən mənim könlümün səda yerisən.
Anar Nağılbaz da, Aydın Xırdalanlı, Rəhim Rəhimli də, başqa o nəsildən olan bütün məşhurlar öləndə biz onların şəxsiyyətiylə, sənətiylə birgə həm də ötüb gedən xatirələrimiz üçün pis olmuşuq. Odur ki, insanların emosiyalarını anlayın. Hörmət etməsəniz də olar. Elə-belə, anlamağa çalışın, bəsdi...
Qəlbimdən çıxara bilmirəm səni,
Səninlə damarda axır qanım da.
Könlüm də, canım da fədadır sənə,
Sən mənim ruhumun qida yerisən...
Fariz BAYRAMOV
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür