
Xanım İsmayılqızı:
Mən xəstə adamam, ozan,
Gəl aldatma, doğrunu çal.
Simləri çək, aha köklə,
Al qopuzu, ağrını çal.
Görürsən, Haray quşuyam,
Bir ağacda budağım var.
Üz tutmuşam göyə sarı,
Yer altında otağım var.
Sən çal ki, bir də oxuyum,
Səsim də başıma düşsün.
Bütün ömrümün avazı,
Sinəmin daşına düşsün.
Çal, elə yandır ki, məni,
Közə düşüm, külə dönüm.
Bir daşı da dilləndirim,
Gözəl bir şəkilə dönüm.
Azan deyim, səsim uçsun,
Bu yerdən ötənə gedim.
Son nəfəsi ala bilib,
Sağ olan vətənə gedim.
Mən xəstə adamam, ozan,
Bu çatlayan bağrımı çal.
Simləri çək, aha köklə,
Al qopuzu, ağrımı çal.
***
Deyəsən tək qalmısan,
Düşünməyə vaxtın var.
Sənə vaxt verilirsə,
Demək sənin baxtın var.
Tək qal, amma təklənmə,
Heç vaxt küncə sıxılma.
Barmaqla göstərsələr,
Möhkəm dayan, yıxılma.
Sən seçilmiş adamsan,
Nə gəldi seçmək olmaz.
Sənə seçilən yoldan,
O yana keçmək olmaz.
Bir söz verilib sənə,
O sözün adı – Zülüm.
Bir çox qafiyəsi var,
Çalış olmasın – Ölüm.
Təkliyə şəkk gətirmə,
Hər kəs tək qala bilməz.
Allah sənə bar verib,
Pulla satıla bilməz.
Hamı səndən söz istər,
Sən söz deməyə gəldin.
Bağlı qalan qapını,
Açıb, köməyə gəldin.
Damla-damla boşalan,
Damcılarla dolacaq.
Gedən nə, gələn nəsə,
Adına yazılacaq.
Deyəsən tək qalmısan,
Duyğuların incəlir.
Özünlə öz aranda,
Beynin, ruhun dincəlir.
Sən özünü itirmə,
Qorxma ki, qalmısan tək.
Səni Allah bəyənib,
Sənə uzadıb ətək.
***
İlahi, Pərvərdigara.
Kişiləri sındırma,
Qadınları yandırma,
Cavanların ürəyini dondurma,
Körpələrin ümidini söndürmə,
Torpaqları öldürmə…
İlahi, Pərvərdigara.
Al vaxtsızların vaxtından,
Ver vaxtı çatmayanlara.
Ömürlərin acısını çək götür.
Bu həyatın ağrısını tək götür.
İlahi, Pərvərdigara.
Bir azca da bəxtındən ver
Bəxtini uduzanlara…
Qapını aç azanlara…
Bağışla, bu yer üzünü,
Hamı sənin qulundu.
Bu dünyada hər nə varsa,
Yalnız sənin yolundu.
İlahi, Pərvərdigara.
Bu dünyada hər bir kəsin
Günahsızlıq günahı var…
…Cəzalandırmaq istəsən,
Bircə ağılı alma.
Bizim üçün yaratdığın
Gözəl nağılı alma…
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür