senetaz

Həsən Əliyev 80 D

05 Dekabr 2025 1434

Azərbaycan Kitab mükafatı-Sorğu

Azərbaycan Kitab mükafatı-Sorğu

Dekabrın 4-də Mədəniyyət Nazirliyi rəhbərliyinin gənc yazarlarla görüşündə nazir müavini Fərid Cəfərov 2026-cı ildə Azərbaycan Kitab Mükafatı elan olunacağını bildirib. Senet.az Azərbaycan Kitab Mükafatı ilə bağlı sorğu keçirib. Sorğunu təqdim edirik:

 

Mətanət Vahid (filologiya üzrə fəlsəfə doktoru)

Dekabrın 4-də Mədəniyyət Nazirliyi rəhbərliyinin gənc yazarlarla görüşündə nazir müavini Fərid Cəfərov 2026-cı ildə Azərbaycan Kitab Mükafatı elan olunacağını bildirib. Bu mükafatın təsis olunması ilə ölkəmizdə uzun illərdir müzakirə edilən bir boşluğun dolacağına ümid edirəm. Çünki ədəbiyyatımızın inkişafı və dünyaya çıxması naminə ədəbiyyat fondunun yaradılması, miqyaslı və davamlı ədəbi müsabiqələrin keçirilməsi arzusu illər boyunca hər imkanda ədəbiyyatşünas və yazıçılarımızın dilində olub. Ötən ay Milli Məclisin iclasında 2026-cı il dövlət büdcəsinin müzakirəsi zamanı deputat Elnarə Akimovanın bu mövzunu yüksək tribunadan səsləndirməsi də həmin çağırışların dövlət səviyyəsində qaldırılması demək idi. Odur ki, bu barədə xəbər ədəbi mühitdə özü ilə yeni bir ümid dalğası gətirəcək və yaradıcı təşəbbüslərin canlanmasına rəvac verəcək. Aydındır ki, müsabiqə və mükafatların uğuru yalnız təsis faktı ilə deyil, mexanizmin necə işləyəcəyi ilə ölçülür. Nəticəni zaman göstərəcək. İndilik belə bir mükafatın təsis olunması barədə xəbəri ədəbiyyatımız üçün dünyaya çıxış perspektivləri açan mühüm bir addımın müjdəsi kimi dəyərləndirirəm.

Xəbərdən göründüyü qədərincə, sözügedən mükafatın tək qalib modeli üzərində qurulacağı, bununla belə, qısa siyahıya düşənlərin də həvəsləndirici mükafata layiq görüləcəyi planlaşdırılıb. Nəzərdə tutulmuş məbləğin tərcümə öhdəlikləri, xarici yayımlanma və satış gəlirinin müəllifə verilməsi kimi addımların regional səviyyədə yüksək standartlara uyğun olduğunu demək olar. Məncə, bu seçimlər müəlliflər üçün real iqtisadi dəyər yaratmaqla yanaşı, həm də ədəbiyyatı mədəniyyətimizin gündəminə qaytara bilər. Yerli yazıçının ölkəmizin hüdudlarından kənarda tanıdılması üçün mexanizm yaradılması, prosesin dövlət tərəfindən götürülən öhdəliklərlə idarə olunması yaxşı imkandır.

Təbii ki, ilin ən yaxşı əsərini bircə imza ilə müəyyənləşdirmək həmişə mübahisə doğuracaq; nəticələrdən narazı qalanlar da olacaq, qeyri-obyektivlikdən şikayət edənlər də - bu, bütün miqyaslarda müsabiqələrin dəyişilməz aqibətidir. Mükafatın uğuru həm də və daha çox mexanizmin şəffaflığı ilə ölçülür; münsiflər heyətinin tərkibi, reputasiyası, mətnəyanaşmada obyektivlik meyarları ilə seçilən mütəxəssislərlə təmsil olunması və qərarların əsaslandırılması böyük əhəmiyyətə malikdir. Əks halda, niyyət nə qədər gözəl olsa da, legitimlik problemi yaranacaq.

Mükafatın final mərhələsinin şou formatında düşünülməsinə gəlincə, bu, ədəbiyyatı daha görünən edə bilər. Amma bu da balanslı olmalıdır, çünki ədəbiyyatın nüfuzu asanlıqla televiziyalaşdırılmış tamaşanın içinə sıxıla bilər. Bu sahədə şou yalnız əsas niyyətə çox kiçik bir əlavə şəklində olmalıdır.

Nazirliyin kitab sənayesi ilə bağlı son illərdə atdığı addımlar – nəşrlərin satınalınması, ədəbi-mədəni platfomraların yaradılması, kitabxanaların yenilənməsi ilə bağlı fəaliyyət planı və s. kimi istiqamət ümumi mənzərədə aktiv mədəniyyət siyasətini nişan verir. Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Vasif Qurbanzadənin APA-ya müsahibəsindən də görünən reallıq budur ki, nəşriyyatların institusional hazırlığı tam formalaşmayıb; tərcümə, redaktə, korrektə, dizayn, marketinq kimi sahələrdəki peşəkarlıq qənaətbəxş deyil. Belə olduğu halda, Mükafatın məqsədi yalnız qalibi seçmək yox, bütövlükdə ədəbi sistemin hazırlıq səviyyəsini qaldırmaq olmalıdır. Bunun üçün isə peşəkar hazırlıq proqramlarının olması da məqsədəuyğundur. Bu proqramlar müxtəlif yollarla həyata keçirilə bilər; Mədəniyyət Nazirliyi yanında yaradılmış “Kitab Sənayesi Təlim Mərkəzi”, Ədəbiyyat Fondu çərçivəsində xüsusi bölmə, dövlət və özəl nəşriyyatların, eləcə də beynəlxalq tərəfdaşların birgə iştirakı ilə hibrid model, xarici mütəxəssislərin seminarları və onlayn modul sistemləri kimi mexanizmlər bu məqsədə xidmət edə bilər.

Bütün bu mənzərədə ən vacib məsələ odur ki, Azərbaycan Kitab Mükafatı qalibin timsalında təkcə bir uğurlu imza yaratmaq üçün deyil, bütün sahəni sistemli şəkildə gücləndirmək üçün açar rolunu oynasın. Bunun üçün ədəbi fond ideyasına yenidən qayıtmaq, paralel inkişaf mexanizmləri qurmaq və mükafatı geniş ekosistemin mərkəzi elementi kimi formalaşdırmaq lazımdır. Bu addım atılsa, yeni mükafat təkcə illik yarışma olaraq qalmaz, real ədəbi hərəkatın başlanğıc nöqtəsinə çevrilə bilər.

Şəmil Sadiq (ANAİB sədri, yazıçı, publisist): 

Mədəniyyət Nazirliyi açıqlama verib ki, kitab mükafatı təsis ediləcək. İlk baxışdan möhtəşəm xəbərdir! Amma xəbər yayılan kimi ədəbi cameəmizdə fərqli, hətta neqativ fikirlər səslənməyə başlayır. Biri yazır: “Onsuz da saxtakarlıq olacaq!” O biri deyir: “Dövlət kitaba mükafat verirsə, demək, ədəbiyyatın boğazına ip keçirilib!”
Yəni adamlar elə bilir ki, mükafatı elan edən kimi kimlərsə gəlib kitabların ağzına senzura yapışdıracaq. Dövlət vəsait ayıracaq ki, gəl azad yaradıcılıq adı ilə milli mınafeyi tapdalayan əsər yaz! Yəqin ki, bu mövzuda meyarlar, şərtlər də olacaq, məncə də olmalıdır. Azad ədəbiyyat “Daş yuxular” yazmaq ola bilməz.
Halbuki, bir az sakit baxsaq, ortada çox sadə və tarixi bir hadisə dayanır: Azərbaycan tarixində ilk dəfə bu miqyasda bir ədəbiyyat mükafatı təsis olunur.
Sanki hər bir dövlət qrumunun addımını tənqid etməyi özümüzə borc bilirik. Bəzilərinin boynunda “mənim işim bəyənməməkdir” yazısı var və hər vəchlə, hər yerdə bunu biruzə verməyə çalışır. Adam bir yaxşı iş görəni tərifləməli, motivasiya da etməlidir ki, həvəslənsin, daha yaxşısını etməyə çalışsın.
Ədalət naminə deyim: Şəxsən mən (ANAİB sədri olaraq) bu illər ərzində üç nazirə kitab siyasəti ilə bağlı 10 bəndlik təkliflər yazmışam, üz-üzə də müzakirə etmişik. Elə yazarlar, naşirlər – hamımız illərlə bu və bu kimi layihələri istəmişik, tələb etmişik, dilə gətirmişik.
İndi arzumuza bir neçə addım qalmışkən, təşəkkür etmək yerinə, başlamışıq mükafatın başına baltanı dirəməyə. Başa düşürəm, bəzən kiminsə kimdənsə işi keçməyəndə aqressiyasını başqa yerdə çıxarmaq istəyir, amma bu da o məşhur ifadəyə çevrilir: “Gəlin xoşa gəlməyəndə yerişi də adama tap-tap gəlir.”
Adam az qalır, onların əvəzinə kinodakı kimi desin,
“elə səni görməsələr, yaxşıdır…”
Bizim bəzi reaksiyalar təxminən bunun ədəbi versiyasıdır.
Amma bütün səslərin arasından görünən reallıq budur: ən azı 5 yazarın həyatına ciddi şəkildə, maddi və mənəvi toxunuş olacaq.
Nəşriyyatlar hərəkətə gələcək, müəllif cəlb etmək üçün yarış başlayacaq, kitablar tərcümə olunacaq, bəlkə də həmin müəlliflərdən biri dünyada seviləcək, tanınacaq və beləcə ədəbiyyatımız illər sonra ilk dəfə “ayağa qalxıb yeriyəcək”.
Mən, bir yazar və naşir olaraq, bu layihəyə səmimi şəkildə sevinirəm. Əgər bu mükafat gerçəkləşərsə, ədəbiyyatımızda ciddi dönüş nöqtəsi başlayacaq.
Bəli, onu da deyim ki, inamsızlıq bizdə uzun illərin sindromudur. Qırılması çətindir, amma mümkündür. Mən bütün proseslərə pozitiv baxıram və bu səbəbdən də:
Mədəniyyət naziri hörmətli Adil müəllimə, müavini Fərid müəllimə və layihə üzərində çalışan bütün əməkdaşlara təşəkkür edirəm.
Sonda isə kiçik, amma illərin həsrəti olan bir xahişimi, bir daha səsləndirirəm:
Azərbaycan ədəbiyyatının xaricdə tanıdılması üçün illərdir gözlənilən dəstək fondu da yaradılsa, möhtəşəm olacaq. Çünki dünya ədəbiyyata açılan qapını ancaq bizim tərəfdən döyməklə açmayacaq-bəzən o qapının açarı dövlətin əlində olur. Heç olmasa ildə 100000-lik bir qrant olarsa, bu 10-15 kitabın xarici dillərə tərcüməsi və çapı deməkdir!
 
Şərif Ağayar (yazıçı): "Çox gözəl təşəbbüsdür, ilkin müzakirələrdə mən də iştirak etmişəm və o vaxt dediyim sözü bir də təkrarlayıram: obyektiv keçirə bilsələr, böyük hadisədi və ədəbiyyatın inkişafına ciddi stimul verəcək, obyektiv keçirməsələr, ciddi xəyal qırıqlığı yaradacaq. Ümid edirəm ki, öz zəhmətlərinə heyifləri gələr, ədalət prinsiplərinin qorunması üçün möhkəm dayanarlar".  
 
Cavid Zeynallı (yazıçı): "Mükafatın təsis olunması ilə bağlı dünən Milli kitabxanada Mədəniyyət nazirinin müavini Fərid Cəfərovun iştirakı ilə müzakirə keçirildi. Müxtəlif fikirlər səsləndirildi. Hesab edirəm ki, bu mükafat Azərbaycan ədəbiyyatının və mədəniyyətinin təbliğ olunması baxımından çox vacib bir hadisədir. Burada əsas məqamlardan biri də mükafatın gələcək müqəddəratı ilə bağlıdır. Belə ki, münsiflər heyətinin və ekspertlərin düzgün seçilməsi çox önəmlidir. İnanıram ki, münsiflər heyəti və ekspertlər şurası təşkilat tərəfindən düzgün seçiləcək və onların qiymətləndirilməsi obyektiv olacaq və bu müsabiqə gələcəkdə öz nüfuzu ilə Azərbaycan ədəbi mühitində ən vacib yerlərdən birini tutacaq. Uğurlar"!  

İlham Əziz (yazıçı): "Mahiyyət etibarı ilə yaxşı ideyadı. Pozitiv aura yaradır. Mexanizmini diqqətlə işləmək lazımdır. Bu təbəqə həddindən artıq həssas təbəqədir. Burda azacıq ədalətsizlik, dövlətin atdığı böyük addımı kölgədə qoya bilər. Bu qərar həm də bu sahənin inkişafına, yeni əsərlərin yaranmasına səbəb olacaq".

Alpay Azər (yazıçı): "Bu müsabiqədə ədəbi yaradıcılığa ciddi töhfələr verən, eyni zamanda, həmin mükafatda nəzərdə tutulmuş məbləğə ehtiyacı olanların qalib olmasını arzu edirəm".

 

                                                                                                                                                                                                                    Senet.az